MHŞT üzrə on üçüncü mərhələnin hesabatlarına "Mur Stefens" şirkəti rəy verəcək

moore-stefens2010-cu il iyunun 29-da Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun iclası keçirilmişdir.

İclas zamanı Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə ödənişləri və Azərbaycan Respublikası hökumətinin yerli və xarici şirkətlərdən daxiolmaları barədə növbəti - on üçüncü hesabat mərhələsi üzrə hesabatlarını (2010-cu ilin ilk altı ayı üzrə) tutuşduraraq təhlil edəcək audit şirkətinin seçilməsi məqsədilə keçirilən müsabiqənin nəticələri müzakirə edilmişdir. Çoxtərəfli Qrup auditin müsabiqəyə təklif təqdim etmiş üç şirkət (PricewaterhouseCoopers, Moore Stephens, Baker Tilly Audit Azərbaycan) arasından "Mur Stefens" (Moore Stephens) şirkəti tərəfindən keçirilməsinə yekdilliklə qərar vermişdir.

İclasda Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyası MHŞT üzrə 12-ci hesabat (2009-cu il üzrə) - hökumətin hesabatı və Müstəqil Mühasiblərin Rəyi ilə bağlı öz rəyini açıqlamış və bu məsələyə dair müzakirələr aparılmış, şirkətlər qrupu səmt qazının ölçü vahidlərinə dair təqdimat keçirmişdir.

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzv statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir.

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az