Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilmişdir

cq-iclas-32014-cü il iyul ayının 21-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə  Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair  Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilmişdir. 

İclas zamanı İctimai birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası üzvü olan təşkilatların fəaliyyətində yaranmış çətinliklər, Auditorun hesabatında yer alacaq sintetik cədvəllər və kontekstual məlumatların hazırlanması prosesinə dəstək vermək üçün ÇQ üzvlərindən ibarət İşçi qrupun fəaliyyəti ilə bağlı müzakirələr aparılmışdır.

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir.