MHŞT üzrə Hökumət Komissiyasının sədrinin MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin Azərbaycan üzrə qəbul etdiyi qərara dair bəyanatı

cq-iclas-3Azərbaycan Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə (MHŞT) 2003-cü ildən qoşulmuşdur. Yaradıldığı vaxtda MHŞT mədən sənayesindən əldə edilən gəlirlər barədə şəffaflığın təmin edilməsi məqsədini daşıyırdı. Bu məqsədə uyğun olaraq Azərbaycanda mədən hasilatından əldə edilən gəlirlər üzrə hesabatlar dərc edilmiş, gəlirlər üzrə tam şəffaflığa nail olunmuş, bütün məlumatlar vətəndaşlara açıqlanmışdır. Ölkədə prosesə rəhbərlik QHT Koalisiyasının da daxil olduğu MHŞT üzrə Çoxtərəfli Qrup tərəfindən həyata keçirilir.

Lakin son bir neçə ildir ki, MHŞT üzrə Beynəlxalq İdarə Heyəti səviyyəsində MHŞT-nin mandatının dəyişdirilməsinə cəhdlər başlanılmışdır. Təəssüflə qeyd edilməlidir ki, Təşəbbüs MHŞT-nin ilkin məqsədini unudaraq insan hüquqları və ya daha dəqiq desək QHT-lərin hüquqlarının qorunmasını təmin edən təşkilat təsəvvürü yaratmağa başlamışdır. Son illər ərzində MHŞT barədə müxtəlif beynəlxalq təşkilatlar tərəfindən verilən bəyanatlarda, nüfuzlu media orqanları tərəfindən dərc olunan məqalələrdə yalnız QHT-lərin mövqeyi əks etdirilmiş, şəffaflıq məsələləri kənarda qalmış, Təşəbbüsün əsas mandatı unudulmuşdur.

2003-cü ildə Təşəbbüsə qoşularkən Azərbaycan hökumətinin əsas məqsədi ölkə vətəndaşları üçün mədən hasilatından əldə edilən gəlirlər üzrə tam şəffaflığın təmin edilməsi olmuşdur. Bu gün isə Azərbaycan müxtəlif ikili standartlara xidmət edən təşkilatlar tərəfindən tənqid edilir. MHŞT-nin növbəti bu cür təşkilata çevrilməsi yolverilməzdir. Azərbaycan hər hansı Azərbaycan hüdudlarından kənar bir qurum qarşısında hesabat vermək, onun əsas mandatına uyğun olmayan tənqidlərini dinləmək üçün bu Təşəbbüsə qoşulmamışdır. Bununla bağlı təzyiqlərə Azərbaycan hökumətinin dözmək fikri yoxdur. Bütün bunları nəzərə alaraq Azərbaycan hökuməti MHŞT-ni tərk etmək məsələsini nəzərdən keçirəcəkdir. Bütün digər MHŞT üzvü olan ölkələrə də narahatlığını çatdıracaqdır.

Qeyd edilənlərə baxmayaraq Azərbaycan MHŞT daxilində və ya ondan kənarda hər zaman olduğu kimi öz vətəndaşları üçün mədən hasilatından əldə etdiyi gəlirlər barədə şəffaflığın təmin edilməsi sahəsində fəaliyyətini davam etdirəcəkdir.

 

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az