Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilmişdir

2016-cı il avqust ayının 22-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) növbəti iclası keçirilib.

İclas zamanı tərəflər mədən hasilatı sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair yol xəritəsinin hazırlıq işlərini, 2015-ci il MHŞT hesabatlılığının Başlanğıc hesabatını, MHŞT üzrə Qiymətləndirmə prosesinin gedişatını, MHŞT-ni tətbiq edən ölkələrdə Elektron Hesabatlılıq Sistemi və bu sistemin Azərbaycanda tətbiqinin mümkünlüyünü, MHŞT-də baş verən proseslərin və onların nəticələrinin ictimaiyyət üçün işıqlandırılmasını və digər məsələləri müzakirə etmişlər. İclasda eyni zamanda ÇQ-nin Davranış Kodeksi qəbul olunmuşdur.

 

Dövlət Neft Fondunda MHŞT üzrə seminar keçirilmişdir

2016-cı il 22 iyul tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) hesabatlılığına dair seminar keçirilmişdir. Tədbirin əsas məqsədi 2015-ci il üzrə başlanmış hesabatlılıq prosesində şirkətlər və hökumət tərəfindən təsdiq olunacaq məlumatların keyfiyyətinin artırılması və səhvlərin sayının azaldılmasıdır. Seminarda şirkətlər, hökumət nümayəndələri və vətəndaş cəmiyyəti üzvləri ilə yanaşı, MHŞT Koalisiyasının üzvləri də iştirak etmişlər. MHŞT üzrə Katibliyin nümayəndələri 2016-cı il Peruda yenilənmiş MHŞT Standartının fərqləndirici xüsusiyyətləri, 2015-ci il üzrə MHŞT Hesabatlarını hazırlayacaq Moore Stephens şirkətinin nümayəndəsi isə hasilat şirkətlərinin keçən MHŞT hesabatlılığında etdiyi səhvlərin təhlili və növbəti hesabatlılıqda diqqət yetiriləcək məsələlər barədə iştirakçılara təqdimatlar etmişlər. QHT Koalisiyasının üzvləri isə ümumilikdə vətəndaş cəmiyyətinin MHŞT prosesində rolu və şirkətlərlə qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən söz açmışdır. Seminar interaktiv şəkildə qarşılıqlı sual və cavablarla davam etmişdir.

 

Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilmişdir

2016-cı il iyun ayının 29-da Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) növbəti iclası keçirilmişdir.

İclas zamanı iştirakçılar Azərbaycanın MHŞT prosesi çərçivəsində növbəti Qiymətləndirmə prosesi və 2015-ci il üzrə MHŞT Proqres Hesabatını müzakirə etmişlər.
İclas iştirakçıları həmçinin Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə ödənişləri və Azərbaycan Respublikası hökumətinin yerli və xarici şirkətlərdən daxilolmaları barədə 20, 21, 22-ci hesabatı (2015, 2016, 2017-ci illər üzrə) tutuşduraraq təhlil edəcək müstəqil administrator (auditor) şirkətinin seçilməsi məqsədilə keçirilən təkliflər sorğusunun nəticələrini müzakirə etmişlər. Çoxtərəfli Qrup növbəti üç il üçün yerli və xarici hasilat şirkətlərindən əldə edilmiş məlumatların toplanması və tutuşdurulmasının Mur Stivens şirkəti tərəfindən keçirilməsinə qərar vermişdir.
ÇQ-nin iclasında mədən hasilatı sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair yol xəritəsinin hazırlanması məqsədilə hüquq, məsləhət xidmətlərinin göstərilməsi üçün Beyker ənd MakKenzi şirkəti seçilmişdir.

 

Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilmişdir

2016-cı il aprel ayının 15-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) növbəti iclası keçirilmişdir.

İclas zamanı iştirakçılar MHŞT üzrə son yeniliklər barədə məlumat almış, həmçinin, 2016-cı il 24-25 fevral tarixlərində Limada keçirilmiş MHŞT üzrə VII Qlobal Konfransda yenilənmiş MHŞT Standartı, növbəti MHŞT hesabatlılığının Auditor üçün Şərtlər Toplusu və hesabatlılığın yeni qəbul edilmiş standartlara uyğunlaşdırılması, növbəti qiymətləndirmə və tamhüquqlu üzvlüyün bərpası üçün islahedici tədbirlər üzrə Fəaliyyət Planının icrası, MHŞT-nin Azərbaycanda tətbiqinin təkmilləşdirilməsi üçün qanunvericiliyə dəyişikliklərə dair Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən hazırlanmış tövsiyə sənədi, Təbii Resursların İdarə edilməsi İnstitutu (NRGİ) ilə QHT Koalisiyasının birgə hazırladığı MHŞT üzrə elektron hesabatlılığa dair internet səhifəsi (www.azeitireport.org), 2015-ci il üzrə Fəaliyyət Hesabatı, ÇQ-nin Davranış Kodeksi, 2014-cü il MHŞT Hesabatı üzrə Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının rəyinin təqdimatı və digər məsələlər ətrafında müzakirələr aparmışlar.

 

Dövlət Neft Fondunda MHŞT üzrə Komissiyanın iclası keçirilmişdir


2016-cı il aprel ayının 8-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Fondun İcraçı direktoru Şahmar Mövsümovun sədrliyi ilə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Komissiyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2016-cı il tarixli, 69s nömrəli Sərəncamı ilə təsdiq edilmiş yeni tərkibdə ilk iclası keçirilmişdir. Sərəncama əsasən yeni Komissiyanın tərkibinə Dövlət Neft Fondu, Dövlət Neft Şirkəti, Vergilər, İqtisadiyyat, Energetika, Maliyyə, Ekologiya və Təbii Sərvətlər, Xarici İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Dövlət Statistika Komitəsinin nümayəndələri daxildirlər.

İclas zamanı iştirakçılar MHŞT ilə bağlı ümumi məlumat almış, cari vəziyyət və yeniliklər haqqında MHŞT üzrə Katibliyin təqdimatı ilə tanış olmuşlar. Bundan başqa, tərəflər MHŞT üzrə Komissiyanın üzvlərinin Çoxtərəfli Qrupa (ÇQ) seçkisi, burada iştirakının koordinasiyası və digər məsələləri müzakirə etmişlər.

 

Neft Fondunun İcraçı direktoru MHŞT üzrə VII Qlobal Konfransda iştirak etmişdir


IMG 2518

2016-cı il 24-25 fevral tarixlərində Perunun Lima şəhərində Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə dair (MHŞT) VII Qlobal Konfrans keçirilmişdir. MHŞT üzrə hökumət Komissiyasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti konfransda iştirak etmişdir. 

Konfrans çərçivəsində MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin 32 və 33-cü iclasları keçirilmişdir. Beynəlxalq İdarə Heyəti tərəfindən MHŞT Standartlarına dəyişikliklər edilmiş, iki ölkəyə (Dominikan Respublikası və Almaniya Federativ Respublikası) namizədlik statusu verilməsi qərara alınmışdır. Beləcə, MHŞT-ni tətbiq edən ölkələrin sayı 51-ə yüksəlmişdir. 4 ölkə (Konqo Demokratik Respublikası, Qana, Monqolustan və Filippin) 2016 MHŞT Mükafatına layiq görülmüşdür.
Konfrans çərçivəsində, həmçinin, Beynəlxalq İdarə Heyətinə seçilmiş yeni üzvlər və Beynəlxalq İdarə Heyətinin yeni sədri, cənab Frederik Raynfeld konfrans iştirakçılarına təqdim edilmişdir.
“Aşağı xammal qiymətləri dövründə idarəetmənin təkmilləşdirilməsi” adlı paneldə iştirak edən Ş.Mövsümov Azərbaycanın bu sahədə təcrübəsinə dair çıxış etmişdir.
Eyni zamanda, VII Qlobal Konfrans çərçivəsində MHŞT üzrə Milli Sərgi keçirilmiş və Azərbaycan nümayəndə heyəti həmin sərgidə iştirak etmişdir. Milli Sərgidə Azərbaycana aid video və foto materiallar, MHŞT-nin Azərbaycanda tətbiqinə dair müxtəlif broşür və kitabçalar, hesabatlar, xatirə hədiyyələri konfrans iştirakçılarına təqdim edilmişdir.

 

Bizimlə əlaqə

adressNeftçilər pr. 24, Dalğa Plaza, Bakı AZ1000

phone(+99412) 498 77 53 daxili nömrə 125

mailfarid.farzaliyev@oilfund.az