MHŞT üzrə on beşinci mərhələnin hesabatlarına Mur Stefens şirkəti rəy verəcək

moore-stefens2012-ci il fevralın 20-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun iclası keçirilmişdir.

İclas zamanı Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə ödənişləri və Azərbaycan Respublikası hökumətinin yerli və xarici şirkətlərdən daxilolmaları barədə növbəti - on beşinci hesabat mərhələsi üzrə hesabatlarını (2011-ci il üzrə) tutuşduraraq təhlil edəcək audit şirkətinin seçilməsi məqsədilə keçirilən müsabiqənin nəticələri müzakirə edilmişdir. Çoxtərəfli Qrup auditin "Mur Stefens" (Moore Stephens) şirkəti tərəfindən keçirilməsinə yekdilliklə qərar vermişdir.

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzv statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir.

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az