"SGC Upstream" şirkəti Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair Memoranduma qoşuldu

cq-iclas-3

12 noyabr 2015-ci il tarixində Azərbaycanda yeni fəaliyyət  göstərən “SGC Upstream” şirkəti Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalamışdır. "Qoşulma Aktı"nı imzalamaqla “SGC Upstream” şirkəti Memoranduma qoşulmuş digər şirkətlər kimi MHŞT üzrə on doqquzuncu hesabatda 2014-cü il üzrə Azərbaycan Respublikası hökumətinə ödənişləri barədə məlumat verəcəkdir. Beləliklə, MHŞT-nin Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumunu imzalamış şirkətlərin sayı 39-a çatmışdır. 

2014-cü il iyunun 10-da Azərbaycanda hasilat sənayesində fəaliyyət göstərən 38 yerli və xarici şirkət 2013-cü ildə MHŞT üzrə 6-cı Qlobal Konfransda qəbul edilmiş MHŞT Standartının tələblərinə uyğunlaşdırılmış yeni Qarşılıqlı Anlaşma Memorandumu imzalamışdır. 

 

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir.

Bizimlə əlaqə

adressNeftçilər pr. 24, Dalğa Plaza, Bakı AZ1000

phone(+99412) 498 77 53 daxili nömrə 125

mailfarid.farzaliyev@oilfund.az