Dövlət Neft Fondunda MHŞT üzrə Komissiyanın iclası keçirilmişdir


2016-cı il aprel ayının 8-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Fondun İcraçı direktoru Şahmar Mövsümovun sədrliyi ilə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Komissiyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2016-cı il tarixli, 69s nömrəli Sərəncamı ilə təsdiq edilmiş yeni tərkibdə ilk iclası keçirilmişdir. Sərəncama əsasən yeni Komissiyanın tərkibinə Dövlət Neft Fondu, Dövlət Neft Şirkəti, Vergilər, İqtisadiyyat, Energetika, Maliyyə, Ekologiya və Təbii Sərvətlər, Xarici İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Dövlət Statistika Komitəsinin nümayəndələri daxildirlər.

İclas zamanı iştirakçılar MHŞT ilə bağlı ümumi məlumat almış, cari vəziyyət və yeniliklər haqqında MHŞT üzrə Katibliyin təqdimatı ilə tanış olmuşlar. Bundan başqa, tərəflər MHŞT üzrə Komissiyanın üzvlərinin Çoxtərəfli Qrupa (ÇQ) seçkisi, burada iştirakının koordinasiyası və digər məsələləri müzakirə etmişlər.

 

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir

Bizimlə əlaqə

adressNeftçilər pr. 24, Dalğa Plaza, Bakı AZ1000

phone(+99412) 498 77 53 daxili nömrə 125

mailfarid.farzaliyev@oilfund.az